| ||
Təlim ilə bağlı situativ baxış sosial, mədəni, tarixi və siyasi kontekstdə fəal iştirak vasitəsilə həyata keçirilir. Bu baxışa görə, təlim ortaq fəaliyyət metodlarına malik qruplara və cəmiyyətə nüfuz etməklə kollektiv təlimə çevrilir. Fərdlər hər hansı qrupun üzvünə çevrilməklə getdikcə müvafiq qrupun inam və fəaliyyətini mənimsəyirlər. Modelləşdirmə, müzakirə və qərar qəbuletmə kimi situativ birgə fəaliyyətlər aktiv iştirakın mühüm elementi ortaq təcrübələrə əsaslanan dialoq vasitəsilə dəstəklənir.
Konstruktivist və situativ baxışa görə, təlim real həyati şəraiti əks etdirən zəngin məzmun kontekstində baş verməlidir, bunun üçün konstruktiv proses həyata keçirilməli və məktəbdənkənar mühitə də sirayət etməlidir. Burada əsas elementlər idraki təlim, real həyati problemlərin həlli ilə bağlı əməkdaşlığın əks etdirilməsi və məsələ həlli zamanı mümkün metod və üsullardan istifadənin təmin olunmasıdır. Məzmun sahəsi üzrə düşünmə prosesinin sürətləndirilməsində şagirdin nümayiş etdirdiyi effektivlik onun təlimi üçün ölçü rolunu oynayır. Belə yanaşmada əsas çətinlik təlimə nəzarəti şagirdə doğru yönəldərkən əmələ gəlir. Bu zaman təlimin xüsusiyyəti (situativ, interaktiv) və biliklərin təbiəti (perspektiv, şərti, ilkin və inkişaf etmiş) nəzərə alınaraq təlim məqsədləri şagirdlərin özlərinin hiss etdikləri ehtiyaclara görə təyin olunmalı, nəzərdə tutulan fəaliyyətlər onların yaşadığı dünya kontekstinə uyğun formalaşdırılmalı, şəxsyönümlü zəruri qabiliyyətlərin aşılanması üçün şagirdlər yoldaşları ilə birgə işləməli, aparılan qiymətləndirmələr isə müntəzəmlik və irəliləyiş baxımından təhlilə əsaslanmalıdır.
Milli Kurikulum çərçivə sənədi yeni təlim üsullarının əsas prinsiplərini əks etdirir və bu prinsiplər bütövlükdə təlimin yeni konsepsiyası ilə əlaqədardır. Bu konsepsiyaya görə təlim prosesi əvvəlcədən müəyyənləşdirilmiş nəticələrə əsaslanır və bu prosesdə müəllim əlaqələndirici, istiqamətverici və məsləhətverici subyekt kimi, şagirdlər isə müstəqil, tədqiqatçı subyekt kimi fəaliyyət göstərir. Bu zaman təlimin və tədrisin yeni konsepsiyasının, başqa sözlə, standartlar şəklində ifadə olunmuş təlim nəticələrinin məqsədəuyğun şəkildə reallaşması üçün müəllim aşağıdakı prinsiplərə əməl etməlidir.
Müasir dövrdə riyaziyyat təliminə qoyulan tələblər aşağıdakılardır:
1. Dərsdə həyata keçirilən təlim-tərbiyə, proseslərin ideya-siyasi səviyyəsi dövrün, zamanın tələblərinə cavab verməlidir. Gənclərdə vətəninə, xalqına və hökumətinə dərin məhəbbət hissləri aşılanmalı, sağlam mənəviyyat formalaşdırılmalıdır, yeni insan tərbiyə edilməlidir.
2. Öyrədilən tədris materialının məzmunu yüksək elmi səviyyədə olmalı, riyaziyyat elminin inkişafını göstərməlidir. Müəllim tədris olunan mövzu ilə bağlı ən son yenilikləri şagirdlərə çatdırmalı, lakin bu zaman lazım olmayan materiallarla onları yükləməməlidir.
3. Hər bir dərsin məqsədləri (inkişafetdirici, öyrədici, tərbiyəedici) əvvəlcədən dəqiq müəyyənləşdirilməli, dərsin quruluşu və bütün mərhələlərin reallaşdırılması həmin məqsədlərə nail olmağa yönəldilməlidir.
4. Müəllim dərsdə elə təlim metodları və üsullarından istifadə etməlidir ki, onlar həm dərsin məqsədlərinin həyata keçirilməsinə və təlimin məzmununa müvafiq olsun, həm də şagirdlərin idrakı fəallığını, təfəkkürünü və hafizəsini inkişaf etdirsin, onlarda axtarıcılıq, tədqiqat aparmaq həvəsi yaratsın.
5. Müasir riyaziyyat dərsinə verilən mühüm tələblərdən biri də dərsdə şagirdlərin müstəqil işlərə cəlb olunmasıdır.
6. Müasir riyaziyyat dərsləri İKT ilə təchiz olunmalı və onlardan dərsin məqsədinə uyğun istifadə olunmalıdır.
7. Dərsdə mümkün olan fəndaxili və fənlərarası inteqrasiyadan geniş istifadə olunmalı, yeni materialın öyrədilməsi inteqrativ formada aparılmalıdır.
8. Dərsin bütün mərhələləri bir-birini tamamlamalı, hər mərhələyə ayrılan vaxt düzgün müəyyənləşdirilməli, həm müəllimdə, həm də şagirddə vaxtdan qənaət etmək vərdişi yaradılmalıdır.
9. Müasir dərsin mühüm tələblərindən biri də şagirdlərin bilik və bacarıqlarının inkişafına nəzarət etmək, onların səviyyəsini qiymətləndirməkdir. Bunun üçün sistematik şəkildə cari və dövri yoxlamalar (şifahi və yazılı) keçirilməli, nəticələr təhlil olunmalı, şagirdlərin özünə və valideynlərinə çatdırılmalıdır.
10. Dərsdə mehribançılığa və qarşılıqlı hörmətə söykənən işgüzar mühit yaradılmalı, şagirdlər azad və rahat şəraitdə fəaliyyət göstərməlidirlər.
Mövcud kurikulumun əsas xüsusiyyəti ondan ibarətdir ki, biliklərin mənimsənilməsi prosesi müəllimin rəhbərliyi altında onların şagirdlərə ötürülməsi ilə müşayiət olunsun və bu proses zamanı təlimin təşkilinə verilən əsas tələblər gözlənilsin.
| ||
0 Yorumlar