Lokal şəbəkə

Lokal şəbəkə


Lokal kompyuter şəbəkələri (ing. Local Area Network) — eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkə. Bu şəbəkələrdə kompyuterlərarası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompyuter şəbəkələri müxtəlif topologiya (struktur) üzrə qurulur.
 

Şin topologiyası

Şin topologiyalı lokal şəbəkə
Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompyuterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompyuterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.
İnformasiya göndərmək istəyən kompyuter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompyuterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boş isə kompyuter paketləri şinlə ötürür. Paket aşağıdakı hissələrdən ibarətdir:
  • informasiyanın ünvanlandığı kompyuterin ünvanı;
  • informasiyanı göndərən kompyuterin ünvanı;
  • göndərilən informasiya;
  • xidməti sahələr.
Hər bir kompyuter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir. Əgər iki kompyuter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
  • Hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
  • Şəbəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır;
  • Şəbəkə kartları (adapterləri) ucuzdur;
Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.

Halqavari topologiya

Halqavari topologiyalı lokal şəbəkə
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter(işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompyuter ikinci ilə, ikinci kompyuter üçüncü ilə, üçüncü kompyuter dördüncü kompyuter ilə və s., sonuncu kompyuter isə birinci kompyuterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompyuterdən qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana (kompyuterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompyuter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompyuterin, digər kompyuterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompyuterə göndərir. Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompyuterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompyuter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).
Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
  • Hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır;
  • Hər bir kompyuterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
  • Hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;

Ulduzvari topologiyalı lokal şəbəkələr

Ulduzvari topologiyalı lokal şəbəkə
Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompyuter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompyuterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
Mərkəzi qovşaq kimi xabkommutator və ya xüsusi server kompyuteri istifadə oluna bilər.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompyuterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraqEthernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.

Ulduz-halqa topologiyalı lokal şəbəkə

Token Ring lokal şəbəkəsi
Token Ring şəbəkəsi – IEEE təşkilatı tərəfindən standartlaşdırılmış, lokal şəbəkələrin digər bir arxitekturasıdır. O, Ethernet və digər şəbəkə texnologiyaları ilə ümumi xassələrə malikdir. Token Ring şəbəkəsinin topologiyası halqadır, lakin xaricən ulduzu xatırladır. Bu onunla bağlıdır ki, ayrı-ayrı abunəçilər şəbəkəyə birbaşa deyil, xüsusi konsentratorlar və ya çoxstansiyalı müraciət qurğuları vasitəsilə birləşirlər. Ona görə də şəbəkə fiziki olaraq ulduz-halqa topologiyasını təşkil edir.

Digər topologiyalar

Ağacvari topologiyalı lokal şəbəkə
Praktikada digər topologiyalardan ağacvariqarışıq lokal topologiyalardan da istifadə oluna bilər.
Ağacvari strukturda bütün şəbəkə üçün bir mərkəzi server və müxtəlif işçi qruplar üçün bir neçə fayl-server olur
Qarışıq topologiya isə yuxarıdakı topologiyaların birləşməsindən təşkil olunur. Yəni burada həm şin, həm halqavari, həm də ulduzvari topologiyalar iştirak edə bilər
Qarışıq topologiyalı lokal şəbəkə
Bu və ya digər topologiyanın seçilməsi kompyuter şəbəkəsinin tətbiq sahəsindən, kompyuterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.

Kabelsiz lokal şəbəkələr

Hal-hazırda kabelsiz lokal kompyuter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman kompyuterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir.

Yorum Gönder

0 Yorumlar